Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi qeyd olunmuşdur.

  • Cümə , 12 İyun 2026


  • 08:14:14

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Səməd Vurğunun ev-muzeyində 11.06.2026-cı il tarixində tədbir keçirilib. Tədbir Xalq Təhsili Muzeyinin və Səməd Vurğunun ev-muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə Xalq Təhsili Muzeyinin direktoru Z.Şiriyeva və Səməd Vurğun ev muzeyinin direktoru V.Vəkilov açmışdır. Əvvəlcə şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub. Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi Z.Orucova “Azərbaycan xalqının əbədiyaşar sənətkarı” adlı məruzə ilə, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent A.Salmansoy, elmi işçi H.Səlifova, N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi işçisi M.Vəliyeva, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin müəllimi A.Etibar, muzey işçiləri onun Azərbaycan ədəbiyyatındakı rolu barədə ətraflı çıxış edərək Səməd Vurğunun yaradıcılığından və zəngin ədəbi irsinin gənc nəslin tərbiyəsindəki əhəmiyyətindən bəhs ediblər. Tədbirin bədii hissəsində “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin və “Ədəbi Tədbirlər Birliyi” layihəsinin üzvlərinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir parça nümayiş olunub. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin ifasında şairin məşhur “Azərbaycan” şeiri səsləndirilib. 24 nömrəli Uşaq Musiqi Məktəbinin saz şöbəsinin şagirdləri musiqili kompozisiya ilə çıxış ediblər.